Bu layihə, DTX Bilgəh Sanatoriyasının ərazisində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “İmza Park” kimi salınmışdır. Parkın memarlıq forması qeyri-adi və bənzərsizdir. Onun plan strukturu dənizin hərəkətini xatırladan dalğavari, mərtəbəli quruluşa malikdir. Parkın ümumi quruluşu oval konturlar, harmonik axınlar və yumşaq keçidlər üzərində formalaşıb. Bu isə sahil boyunca yerləşməsini və təbiətlə ahəngini vurğulayır. Layihədə istifadə olunan materiallar və rəng palitrası ziyarətçilərə həm sakitlik, həm də vizual estetik təcrübə bəxş edir.
Parkın mərkəzində yerləşən monumental abidə konseptual cəhətdən güclü bir elementi təşkil edir. Abidə konsepsiyasında xəritəmiz sanki ağacı kimi böyüyərək formalaşmışdır. Mərkəzə Heydər Əliyevin imzası həkk olunaraq müstəqil və çiçəklənən Azərbaycanın onun ideya və irsi ilə bağlılığı ifadə olunub. Parkda həmçinin incə detallar, milli memarlıq motivləri və dekorativ işıqlandırmalar istifadə edilmişdir.